Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Mayın 10-da Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatı və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının, huquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər, sonra mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Şəki şəhər Heydər Əlliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.
Çıxışlarda bildirilib ki, Heydər Əliyev bütün ömrünü, həyatını dövlətinin, xalqının rifahına həsr edən, bu yolda canını belə əsirgəməyən dahi liderdir. Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri onun bütün fəaliyyət dövrünü əhatə edir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə daxili vəziyyət böhran halını alanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən qorudu.
Vurğulanıb ki. bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.
Sonra tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı ilə davam edib.







