Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib

01 dekabr 2023 | 08:24

Noyabr ayının 30-da Şəki Heydər Əliyev mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər və milli- mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə Qazılığı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, Şəki və Oğuz rayonlarından olan din xadimləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar iştirak ediblər.

Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhlarına dualar oxunub.

Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Şəki-Oğuz bölgə Qazisi Kamran Məmmədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev və din xadimləri bildiriblər ki, Azərbaycan xalqının çoxəsrlik milli dəyərlərinin qorunub yaşadılması, müasir milli müstəvidə inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. Ümummilli Lider dövlət quruculuğu prosesi ilə yanaşı milli-tarixi yaddaşın bərpası işlərinə də başladı. Vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Həmçinin Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin, habelə milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün oldu.  

Tədbirdə çıxış edənlər vurğulayıblar ki,  bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği, dünyaya təqdimatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti Cənab İham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması və mədəni irsimizin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.

Keçidlər