Şəkidə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb
Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.
Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar səhər saatlarında şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri Ulu Öndərin Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs olunub.
Bildirilib ki, hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb. Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvəti, müstəqil Azərbaycan isə onun indiki və gələcək nəsillərə əmanətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi kursu, başlatdığı nəhəng işlər onun ən layiqli davamçısı və siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Sonra TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu, Ulu Öndər Heydər Əliyevin 100 ilik yubileyinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib.