Şəkidə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
Sentyabrın 17-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki Şəhər İcra Hakimiyətinin və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Şəki Dövlət Regional Kollecində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, kollecin direktoru Sərdar Şərifov, tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, metodist Pərviz Zeynalov, tələbə-gənclər və tələbə həmkarlar təşkilatlarının, tələbə könüllüləri hərəkatının fəalları iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin bərqərar olması, qüdrətli dünya dövlətinə çevrilməsi yolunda Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyasının qəbul olunması üçün gördüyü işlərdən danışıblar. Vurğulanıb ki, məhz həmin siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ləyaqətlə, yüksək siyasi peşəkarlıqla davam və inkişaf etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad olunub və suverenliyimiz tam təmin edilib.
Sonda tədbirdə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sənədli film nümayiş olunub.







