Şəkidə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2026” turniri başa çatıb
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilən futzal üzrə “Şəki Kuboku – 2026” turniri başa çatıb. Turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən təşkilatları təmsil edən 18 komanda iştirak edib. 1 ay davam edən turnirin qalibi gərgin idman mübarizəsi və dostluq şəraitində keçən finalda “Marxal” komandasını 3:2 hesabı ilə məğlub edən “Ədliyyə" komandası olmuşdur. Turnirdə üçüncü yeri “Səhiyyə” komandası, dördüncü yeri isə “Əliəhmət şirniyyat evi” komandası tutmuşdur.
Turnirin bağlanış mərasimində YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki – Zaqatala Regional Gənclər və İdman idarəsinin rəhbərliyi və əməkdaşları, idman həvəskarları iştirak etmişdir. Mərasimdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev və Şəki – Zaqatala Regional Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Ulu öndər Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, idmana olan dövlət qayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi Ulu Öndər Heydər Əliyev irsinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi olmuşdur.
Sonda qaliblərə kubok, medal, diplomlar verilmişdir. Bundan əlavə turnirin "ən yaxşı oyunçusu" və "ən yaxşı qapıçısı" nominasiyasının qaliblərinə də diplom və xatirə hədiyyəsi verilmişdir.







