Şəkidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2023” turnirinə start verilib
Aprelin 14-də Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2023” turnirinə start verilib.
Şəki Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıblar, idmana olan dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.
Açılış mərasimindən sonra yarışın ilk üç oyunu baş tutub.
Qeyd edək ki, turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən 34 təşkilatı təmsil edən 18 komanda 4 qrupda mübarizə aparır.