Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2024” turnirinə start verilib

16 aprel 2024 | 10:01

Aprelin 15-də Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101 ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turnirinə start verilib.

Açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idmançılar iştirak ediblər.

Şəki Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov,  Şəki şəhəri üzrə gənclər və idman sektorunun müdiri Ariz Əhmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıblar, son illər ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlərdən, idmana olan dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, idarə, müəssisə və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.

Açılış mərasimindən sonra yarışın ilk oyunu baş tutub.

Qeyd edək ki 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda turnirdə iştirak edəcək.

Keçidlər