Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə “Şəki Kuboku -2025” turnirinə start verilib

05 noyabr 2025 | 09:16

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının təşkilatçılığı ilə, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2025” turnirinə start verilib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idmançılar iştirak ediblər.

Şəki Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına böyük diqqətlə yanaşdığını, hər zaman böyük önəm verdiyini, Azərbaycanın həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanındığını, Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərdiyini bildiriblər, son illər ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər.

Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, idarə, müəssisə və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.

Açılış mərasimindən sonra yarışın ilk oyunu baş tutub. "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin komandası Şəki Şəhər Rayon Polis şöbəsinin komandasını 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnirdə ümumilikdə 20 komanda iştirak edir.

 

Keçidlər