Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirllib

14 noyabr 2026 | 17:35

Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə Təhsil sektorunun və Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirllib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının, Şəki Rayon Prokurorluğunun, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə Təhsil sektorunun, Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhər üzrə Gənclər və İdman sektorunun rəhbər və məsul şəxsləri, Şəki şəhəri üzrə Uşaq Səfirlər Məclisinin nümayəndələri, məktəb psixoloqları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ziyad Əliəkbərli, Şəki rayonu üzrə Təhsil sektorunun müdiri Zamik Cəbiyev, Şəki şəhər üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Aybəniz Qaffarova çıxış edərək ölkəmizdə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən, BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sının və bu sahə ilə bağlı milli qanunvericiliyin əsas müddəalarından bəhs ediblər. Çıxışlarda uşaqların təhsil almaq, sağlam mühitdə böyümək, zorakılığın bütün formalarından qorunmaq və cəmiyyətin fəal üzvü kimi formalaşmaq hüquqlarının dövlət təminatı altında olduğu xüsusi vurğulanıb. Həmçinin, şagirdlərin öz hüquqları ilə yanaşı, cəmiyyət və məktəb qarşısındakı vəzifələrini dərindən mənimsəmələrinin vacibliyi diqqətə çatdırılıb.

Sonda məktəbin direktoru Nəzakət Qəhrəmanzadə çıxış edərək tədbirin təşkilində əməyi keçən qurumların nümayəndələrinə, qonaqlara və fəal iştirak edən şagirdlərə təşəkkürünü bildirib.

Keçidlər