Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd olunub
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib. şəhər ərazisində yerləşən mədəniyyət və istirahət parklarında, qarışıq tipli uşaq evində, inteqrasiya təlimli internat tipli gimnaziyada, məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar təşkil olunub.
Belə tədbirlərdən biri iyunun 1-də Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün keçirilib.
Tədbirdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildirib. O, qeyd edib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Vurğulayıb ki, Prezident cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük diqqət göstərir. Ölkəmizdə şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Bu gün şəhidlərin övladları bizə əmanətdir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Bayram tədbirində şəhidlərin övladlarına uşaqlar üçün hazırlanmış “Azərbaycan Silahlı Qüvvələri” kitabı və bayram hədiyyələri təqdim edilib.
Tədbirdə Şəki şəhər 3 saylı uşaq musiqi məktəbinin kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib. Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.