Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2026 | 15:03

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib, uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar təşkil olunub.

İyunun 1-də Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf  Mərkəzində Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Elm və Təhsil İşçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Şəki Şəhər Komitələrinin dəstəyi ilə keçirilən “Hərəniz bir çiçəksiz” adlı tədbirdə şəhid övladları, məktəblilər və onların valideyinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf  Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Bayram tədbirində ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti haqqında videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildirib. O, qeyd edib ki, ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları Prezident cənab İlham Əliyevin rəhbərliyi uğurla həyata keçirilən dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük diqqət göstərir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Bayram tədbirində  Şəki şəhər 3 və 4 saylı uşaq musiqi məktəblərinin, Şəki Uşaq-Gənclər İnkişaf  Mərkəzinin, şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə uşaqlar üçün maraqlı intellektual oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib, idman sahəsində yüksək nəticələr əldə edən uşaqlar mükafatlandırılıb.

Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.

Keçidlər