Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Üzüm yığımı festivalı” keçirilib

30 avqust 2026 | 11:52

Avqustun 29-da qədim şərabçılıq ənənələrinə malik olan Şəkidə “Üzüm yığımı festivalı” keçirilib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Şəki Şəhər İcra Hakimiyyəti və “Şəki Şərab” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən festivalda həmin qurumların rəhbər şəxsləri, şərabçılıq müəssisələrinin, turizm şirkətlərinin nümayəndələri, üzümçülük və şərabçılıq üzrə tanınmış mütəxəssislər, media nümayəndələri, yerli sakinlər və şəhərimizin qonaqları iştirak ediblər.

“Şəki Şərab” MMC-nin ərazisində təşkil olunan festivalın iştirakçıları əvvəlcə milli mətbəx nümunələrindən, yerli sənətkarların əl işlərindən ibarət satış-sərgi ilə tanış olublar, ustad dərsləri izləyiblər.

Festival iştirakçıları müəssisədə fəaliyyət göstərən Şərab Muzeyini ziyarət ediblər, sonra şərabçılıq məhsullarının ən seçmə nümunələrinin təqdim olunduğu dequstasiyada iştirak ediblər.

Festivalda üzüm yığımının başlanmasını simvolizə edən mərasim keçirilib.

Mərasimdən sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Global Şərab Turizmi Təşkilatının rəhbəri Jose Antonio Vidal və digər qonaqlar festivalın məqsəd və əhəmiyyətindən danışıb, bu tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür ediblər.

Festival maraqlı musiqili proqramla davam edib. Proqram çerçivəsində musiqi və rəqs nömrələri təqdim olunub, qədim məhsul bayramı ənənələrini canlandıran aktyorların iştirakı ilə teatrallaşdırılmış yürüş təşkil olunub. 

Atəşfəşanlıqla başa çatan festival həm yerli sakinlərin, həm də Şəkiyə gələn qonaqların böyük marağına səbəb olub.

Keçidlər