Şəkidə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Avqustun 5-də Şəki şəhərində Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən dəyirmi masada Ombudsman Aparatının və MSK-nın məsul şəxsləri, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən seçki dairələrinin dairə və məntəqə seçki komissiyalarının üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masa MSK-nın üzvü Şaitdin Əliyev və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının açılış nitqləri ilə başlayıb. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından belə seminar-müşavirələrin xüsusi əhəmiyyəti var.
Ombudsman Aparatının rəhbəri çıxışında ölkəmizdə insan hüquqlarının müdafiəsi və vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlərdən, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən danışıb. Bildirilib ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.
Dəyirmi masada MSK Katibliyinin əməkdaşı Samir Tağıyevin “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, dairə və məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyinin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzusunda təqdimatla çıxış edib. Qurum rəsmisi seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, müşahidəçilik institutu seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, həmçinin seçki hüququnun daha səmərəli təmin olunmasına xidmət edir. Müşahidəçilik institutu seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmin olunması sahəsində yarana biləcək çatışmazlıqların müəyyənləşdirilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin ölkənin qanunvericiliyinə, beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.