Şəkidə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib
Martın 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbə rəisləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ümumtəhsil məktəblərində çalşan hərbi rəhbərlər, şəhid ailələrinin üzvləri, qazilər və yuxarı sinif şagirləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu sahədə həyata keçirilən maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov 44 günlük Vətən müharibəsi zamanı gənclərin vətənpərvərliyindən, çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
SHXÇDX-nın İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib, xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə geniş məlumat çatdırıb.
Daha sonra SHXÇDX-nın Şəki rayon şöbəsinin rəisi polkovnik-leytenant Qaraş Abbasov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib.
Tədbirdə şəhid anası Zöhrə Cabbarzadə və Vətən müharibəsi qazisi Asif Məmmədəliyev çıxış edərək gənclərə tövsiyələr veriblər, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonda Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin və şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim edilib.