Şəkidə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib
Aprel ayının 18-də meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Şəki şəhərində regional müşavirə keçirilib.
Müşavirədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ədliyyə Nazirliklərinin, Baş Prokurorluğun rəsmiləri, rayon icra hakimiyyəti başçılarının müavinləri və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.
Tədbirdə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi vurğulanıb.
Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin sayını artırılmasının, mineral zolaqların yaradılmasına diqqəti artırılmasının, iri tutumlu su hövzələrinin yaradılmasının böyük əhəmiyyəti var.
Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib.