Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yanğınsöndürənlərin şücaətindən bəhs edən “Alovla savaşanlar” adlı qısametrajlı filmin təqdimatı olub

19 mart 2024 | 08:01

Martın 18-də Şəki Heydər Əliyev Mərkəzində “Urfansoy Film” studiyası tərəfindən çəkilmiş və yanğınsöndürənlərin şücaətindən bəhs edən “Alovla savaşanlar” adlı qısametrajlı filmin təqdimatı olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, “CİNEMO” Mobil Film Festivalının təşkilatçıları, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, “Urfansoy Film” komandasının üzvləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Alovla savaşanlar” adlı qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov filmin ərsəyə gəlməsində xidmətləri olan və filmin çəkilişlərində fəal iştirak edən bütün insanlara təşəkkür edib. Bildirib ki, yanğısöndürən peşəsi çox çətin, eyni zamanda şərəfli bir peşədir. Yanğısöndürənlər insanları xilas etmək üçün bəzən öz həyatlarını riskə atmalı olurlar. “Urfansoy Film” studiyası tərəfindən bundan əvvəl də bir sıra filmlərin çəkildiyini vurğulayan icra başçısı bir müddət qabaq Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunan “Zəfərə gedən yol” adlı qısametrajlı filmin təqdimatının keçirildiyini qeyd edib, çıxışının sonunda filmin yaradıcı heyətinə öz tövsiyələrini bildirib.

“CINEMO” Mobil Film Festivalının müəllif və rəhbəri, aktyor, prodüser Ruslan Sabirli çıxış edərək “Alovla savaşanlar” filminin festivalda “Sənədli film” nominasiyası üzrə 1-ci yerə layiq görüldüyünü bildirib, yaradıcı heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin növbə rəisi Nurməmməd Abdulhəmidov, şəhid anaları Gülnarə Mustafayeva, Əntiqə Nağıyeva çıxış edərək yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik ediblər,  filmin çəkilişlərində xidməti olan insanlara təşəkkür ediblər.

Sonra “Alovla savaşanlar” adlı qısametrajlı filmin çəkilişlərində və mobil çəkiliş sahəsində fəal iştirakına görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Sonda “Alovla savaşanlar” filminin rejissoru Taleh Urfansoy, ssenari müəllifi Elgün Gəncimsoy və prodüseri Yusif Mustafayev çıxış edərək filmin çəkilişlərinə dəstək göstərən qurumlara, sponsorlara təşəkkürlərini bildiriblər.

Tədbir musiqili proqramla başa çatıb.

Keçidlər