Şəkidə yaş barama tədarükünə başlanılıb
Şəki rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində şəkili kümçülər qəbul məntəqəsinə 755 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonda yaş barama istehsalının 32 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 235 kümçü ilə müqavilə bağlanılıb, onlara 800 qutu, yəni 15 kiloqram 200 qram ipəkqurdu paylanılıb.
Mövsümün ilk günlərində qəbul məntəqəsinə Şəki şəhərinin sakinləri Yusif Şükürlü, Hürü Məmmədova və Rəhim Abdurahmanov birlikdə 627 kiloqram, Kiçik Dəhnə kənd sakini Rasim Nuhov isə 128 kiloqram yaş barama təhvil veriblər.