Şəkidə “Yay məktəbi” adlı düşərgə təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə uşaqların yay tətilinin səmərəli keçməsi, onların yaradıcılıq və intellektual potensialının inkişaf etdirilməsi məqsədilə “Yay məktəbi” adlı düşərgə təşkil olunub.
Düşərgədə 9–15 yaş qrupunda yaradıcılıq qabiliyyəti olan uşaq və yeniyetmələr iştirak ediblər.
Düşərgə müddətində Bakı Musiqi Akademiyasının və Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimləri tərəfindən uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə heykəltəraşlıq və rəqəmsal bacarıqların inkişafı istiqamətləri, rəsm, rəqs, fortepiano, musiqi ədəbiyyatı üzrə təlim və məşğələlər keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov düşərgənin gedişi ilə tanış olublar. Qonaqlar keçirilən dərsləri izləyib, uşaqların əl işləri və yaradıcılıq nümunələrinə baxış keçirib, onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Şəkidə təşkil olunan “Yay məktəbi” adlı düşərgə uşaqların asudə vaxtının səmərəli təşkili, onların incəsənətin müxtəlif istiqamətlərinə marağının artırılması, yaradıcılıq imkanlarının üzə çıxarılması və müasir rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilir.







