Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi qeyd olunub

02 noyabr 2022 | 18:30

Noyabrın 2-də Şəkidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Şəki Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət olunub, önünə güllər düzülərək xatirələri ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğu qeyd olunub: “Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə və dünyada söz sahibinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, möhtəşəm Qələbəyə imza atmaqla tarix yazdığını söyləyib, Yeni Azərbaycan Partiyasının bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliyini ifadə edib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Tədbirdə cıxış edən şəhid Səbuhi İskəndərlinin anası Gülnarə Mustafayeva, Vətən müharibəsi qazisi Anar Hüseynov, partiya veteranı Kamil Məmmədov, YAP fəalı Murad Qəhramanov torpaqlarımızın işğaldan azad edilməsinin Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

 

Keçidlər