Şəkidə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbirlər keçirilib
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, partiya üzvü olan şəhid valideynləri, partiya veteranları, gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının təsisçisi, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Partiyanın ölkəmizin ictimai-siyasi həyatında tutduğu mühüm yeri, Ulu Öndər Heydər Əliyev ideyalarının davamı olaraq Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətlər tədbirin əsas məzmun xəttini təşkil edib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının 33 il ərzində keçdiyi şərəfli yoldan bəhs edib, partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən islahatlar, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu barədə geniş məlumat verib, həmçinin YAP Şəki rayon təşkilatının fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid Aqşin Abdullayevin anası Dursun Cavadova, partiya veteranı Kamil Məmmədov partiyanın keçdiyi şərəfli yolun hər bir mərhələsini xalq-dövlət birliyinin nəticəsi kimi səciyyələndirmiş, YAP-ın bu gün də ölkəmizin yüksəlişi naminə ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulamışlar. Tədbirdə YAP-ın ideoloji prinsiplərinin cəmiyyət üçün önəmi, vətənpərvərlik, dövlətçilik, inkişaf və həmrəylik kimi dəyərlərin gənc nəsilə aşılanmasının vacibliyi xüsusi qeyd olunmuşdur.
Tədbirdə YAP Şəki rayon təşkilatının fəaliyyətində aktiv və səmərəli xidmət göstərən bir neçə üzvə Fəxri Fərman, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilmişdir.
Daha sonra ədəbi-bədii kompozisiya nümayiş olunmuş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və vətənpərvərlik mövzusunda mahnı və şerlər səsləndirilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatmışdır.







