Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib

20 noyabr 2026 | 17:48

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, ərazi partiya təşkilat sədrləri, partiya üzvü olan şəhid valideynləri, partiya veteranları və fəalları iştirak ediblər.

Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının təsisçisi, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1992-ci ildə cəmiyyətin tələbi və xalqın iradəsi ilə yaradılan Yeni Azərbaycan Partiyası müasir Azərbaycan dövlətinin siyasi dayağına, milli inkişaf strategiyasının aparıcı qüvvəsinə çevrilmiş, qısa zaman çərçivəsində xalqı ətrafına toplayaraq iqtidar partiyası olmuş, eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləmiş və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğrultmuşdur.

Təşkilat sədri Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən islahatlar, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu barədə geniş məlumatlar səsləndirib və bildirib ki, YAP bu gün də xalqın etimadını doğruldan, dövlətçilik maraqlarını qoruyan, milli birliyə və inkişaf strategiyasına töhfə verən siyasi qüvvədir.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elman İmamverdiyev, şəhid Elçin Nadirovun anası Rəmziyyə Nadirova, partiya veteranı Marif Abdurahmanov partiyanın keçdiyi şərəfli yolun hər bir mərhələsini xalq-dövlət birliyinin nəticəsi kimi səciyyələndirərək, YAP-ın bu gün də ölkəmizin yüksəlişi naminə ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıblar. Tədbirdə YAP-ın ideoloji prinsiplərinin cəmiyyət üçün önəmi, vətənpərvərlik, dövlətçilik, inkişaf və həmrəylik kimi dəyərlərin gənc nəslə aşılanmasının vacibliyi xüsusi qeyd olunub. Natiqlər Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə uğurlu fəaliyyətini davam etdirəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə YAP Şəki rayon təşkilatının bir qrup fəal üzvünə Fəxri Fərman, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Sonra tədbirdə ədəbi-bədii kompozisiya nümayiş olunub, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və vətənpərvərlik mövzusunda mahnı və şerlər səsləndirilib.

Sonda tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Keçidlər