Şəkidə yeni intensiv fındıq bağları salınır
Regionların davamlı sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar və görülmüş məqsədyönlü tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişafında mühüm uğurlar əldə olunub.
Qeyd edək ki, dövlət dəstəyinin göstərilməsi nəticəsində kənd təsərrüfatının perspektivli sahələrindən sayılan fındıqçılıq Respublikanın ən böyük aqrar rayonlarından biri olan Şəkidə də geniş inkişaf etdirilir.
Mart ayının 30-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Monte-Ferro” şirkəti tərəfindən Şəki rayonunda yeni salınan intensiv fındıq bağlarına baxış keçirmiş, burada yaradılan müasir şəraitlə tanış olmuşdur.
“Monte Ferro” şirkəti 2017-ci ildən Şəki rayonu ərazisində fəaliyyət göstərir. Şirkət əsasən icarəyə götürdüyü dövlət, bələdiyyə və pay torpaqlarında fındıq bağları salmaqla məşğuldur. Fəaliyyət göstərdiyi dövrdə şirkət tərəfindən Şəki rayonu ərazisində ümumilikdə 1362 hektar sahədə yeni fındıq bağları salınmışdır. Onun 570 hektarı Bideyiz kəndi ərazisində, 432 hektarı Biləcik kəndi ərazisində, 360 hektarı isə İnçə kəndi ərazisində yerləşir.
Yeni salınan fındıq bağlarında əsasən “Ata-bala”, “Zaqatala-9” və s. kimi yerli fındıq sortlardan istifadə edilir. Bu sortların tingləri Qax və Zaqatala rayonlarından əldə edilir. Şirkət 2023-cü ilin əkinində İtaliyadan gətirilmiş “Romana” və “Nokiana” fındıq sortlarının tinglərindən istifadə etmişdir. Yeni salınan bağlarda 6X5 əkin sxemindən istifadə edilmiş və bir hektara 320 ədəd ting əkilmişdir.
Şirkət tərəfindən müasir texnologiya əsasında salınan yeni fındıq bağları intensiv bağlardır. Bağlarda suvarma işlərinin aparılması üçün damla-suvarma sistemi quraşdırılaraq istifadəyə verilmiş, suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni salınan bağların ərazisində 8 ədəd subartezian quyusu quraşdırılmış, 4 ədəd 10 min kubmetr su tutumu olan hovuzlar inşa edilmişdir. Şirkətin yeni saldığı fındıq bağlarında elektrik xətlərinin çəkilməsi, yolların salınması və digər infrastrukturun yaradılması təmin edilmişdir.
Hazırda müəssisə tərəfindən yeni icarəyə götürülən 960 hektar (onun 130 hektarı Bideyiz kəndi, 830 hektarı isə İnçə-Zunud kəndləri ərazisində) torpaq sahələrində təmizlik - hazırlıq işləri aparılır və qarşıdakı illərdə həmin sahələrdə intensiv fındıq bağlarının salınması nəzərdə tutulmuşdur.