Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yeni rəsm qalereyası fəaliyyətə başlayıb

24 fevral 2026 | 09:29

Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospektində yeni rəsm qalereyası istifadəyə verilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaradılan və “77 Sənət Evi” adlanan qalereya Şəki memarlığı və onun təbliği üçün töhfə hesab oluna bilər.

Qalereya rejissor, ssenarist və reportyor Vahid Mustafayevin təşəbbüsü və “VMF” şirkətinin sponsorluğu ilə ərsəyə gəlib.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, qurumun digər rəsmiləri, yerli rəssamlar, sənət adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qalereya üç bölmədən - yağlı boya, qrafika və yandırma üsulu ilə hazırlanmış əsərlərin sərgiləndiyi bölmələrdən ibarətdir. Rəsm əsərlərində Şəkinin gəzməli-görməli məkanları, tarixi abidələri və qalaları əks olunub.

Hazırda qalereyada nümayiş etdirilən əsərlər tanınmış rəssam İbrahim Mövsümovun şəxsi kolleksiyasına aiddir. Yaxın zamanda digər rəssamların da əsərlərinin sərgilənməsi planlaşdırılır.

Qalareyanın yerləşdiyi bina Şəkinin tarixi mərkəzində yerləşən qədim dükanlardan biri olub. Ənənəvi memarlıq üslubunda tikilmiş bu bina “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun memarı Sehran Məmmədovun tövsiyəsi, məsləhəti ilə bərpa və konservasiya edilərək yenidən ictimaiyyətə təqdim edilib. Turistlərin hərəkət etdiyi bir küçədə belə bir qalareyanın yerləşməsi imkan verir ki, onlar Şəkinin tarixi abidələri ilə kiçik bir məkanda tanış ola bilsinlər.

Qalereya ziyarətçilər üçün ödənişsiz fəaliyyət göstərir.

Keçidlər