Şəkidə Zəfər Günü qeyd edilib
44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin dördüncü ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.
Noyabrın 8-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmyş tədbir keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Əntiqə Nağıyeva, Vətən müharibəsi qazisi Taleh Urfansoy, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi bizim şanlı tariximizdir. Noyabr ayının 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılmışdır. Ermənilərin təxribatlarına son qoyulması məqsədilə ötən ilin sentyabr ayında bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri nətəcəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşmışdır.
Tədbirdə "Urfansoy Film" komandasının istehsalı olan "Könüllülər komandiri" bədii-sənədli filmi təqdim olunub. Azərbaycan Gənclər Fondunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və yerli iş adamlarının dəstəyi ilə lentə alınmış film Vətən müharibəsində könüllü iştirak etmiş və qəhramancasına şəhid olmuş Toğrul Nağıyev həsr olunub.
Tədbirdə “Könüllülər komandiri” filminin çəkilişlərində göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin, Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi veteranı, ehtiyatda olan zabit, xeyriyyəçi iş adamı Rahim Calalova "Dəmir Yumruq" əməliyyatında "Ordu Xalq, Xalq Ordu" birliyi dəvizi altında Azərbaycan əsgərinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Fəxri Fərmanları təqdim edilib.
Zəfər Gününə həsr edilən silsilə tədbirlər şəhərin mərkəzindəki parkda bayram konserti ilə davam edib.
Zəfər Günü münasibətilə Şəkidə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatmışdır.