Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

09 noyabr 2023 | 11:07

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Zəfər Günü münasibətilə noyabrın 8-də Şəki şəhərində keçirilən “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda toplantıda səsləndirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Heydər Əliyev Mərkəzində keçirilən toplantı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Nicat Abbasov, Milli Məclisin deputatları Vüqar İskəndərov, Əli Məsimli, YAP fəalı Sevinc Abdurəhimova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi xalqımızın Vətən müharibəsindəki ən böyük hərbi qələbəsi olub. Qədim Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb. Prezident İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı Qələbəyə səsləyən rəhbər çağırışı olub və Zəfər yürüşü düşmənin sonadək bütün torpaqlarımızdan qovulması ilə nəticələnib.

Qeyd olunub ki, bu tarixi Qələbəni xalqımıza rəşadətli Azərbaycan Ordusu bəxş edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində indi Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Ordunun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Tədbirin sonunda Bakı Media Mərkəzinin istehsal etdiyi 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunmuş “Zəfər Meydanı” sənədli filmi nümayiş etdirilib.

Zəfər Gününə həsr edilən silsilə tədbirlər şəhərin mərkəzindəki parkda bayram konserti ilə davam edib.

Zəfər Günü münasibətilə noyabrın 8-də Şəkidə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatıb.

Keçidlər