Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda tədbir təşkil olunub

29 oktyabr 2025 | 17:45

Oktyabrın 29-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın dövlətçilik tarixində ən parlaq səhifələrdən biridir. Bildirib ki, bu qələbə Azərbaycanın gücünü, milli birliyini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov xalqımızın tarix boyu çoxsaylı sınaqlardan keçdiyini, lakin heç vaxt azadlıq düşüncəsindən dönmədiyini vurğulayıb. Qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində torpaqlarımızın bir hissəsi itirilsə də, xalqımız bu ədalətsizliklə heç vaxt barışmayıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması isə xalqımızın zəfər iradəsini və ədalətə sarsılmaz inamını bir daha bütün dünyaya göstərdi, Azərbaycan xalqının qələbə ruhunu əbədiləşdirdi.
Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov çıxışında şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın xalqımızın birliyini, milli qürurunu daha da gücləndirdiyini vurğulayıb. O, postmüharibə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesindən bəhs edib.
Qafqaz Müsəlmanlar İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, şəhid anası Tangiz Hacı-İsmayılova, şəhid atası Mikayıl Məmmədov, Vətən müharibəsi iştirakçısı Fuad Abbasov, Şəki rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Şəki şəhəri mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən  tədbirdə digər çıxış edənlər də Zəfər Gününün xalqımız üçün mənəvi qürur, milli həmrəylik və birlik simvolu olduğunu vurğulayıblar.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə mövzuya uyğun hazırlanmış sənədli film nümayiş olunub, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Zəfər tariximizə həsr olunmuş şeirlər səsləndiriblər.

 

Keçidlər