Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Zəfər palitrası” adlı sərgi açılıb

06 noyabr 2025 | 16:23

Noyabrın 6-da Şəki Dövlət Dram Teatrında Vətən müharibəsində qazanılan tarixi Qələbənin beşilliyinə həsr olunmuş “Zəfər palitrası” adlı sərgi açılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, rəssamlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılışı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və sərginin kuratoru, Türkiyənin Karamanoğlu Mehmetbəy Universitetinin Rəssamlıq fakültəsinin Rəngkarlıq şöbəsinin müəllimi Elçin Mustafayev çıxış edərək, Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edib, belə sərgilərin təşkilinin bu qədim diyarın mədəni irsinin təbliğinə, şəkili rəssamların, sənətkarların, dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Rəssamlar adından Səbuhi Məmmədov çıxış edərək, bu cür sərgilərin sənətkarların yaradıcılığına böyük stimul verdiyini deyib, sərginin keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib.

Sonra rəssamlara TÜRKSOY-un diplomları təqdim edilib.

İki gün davam edəcək sərgidə 55 rəssam və sənətkarın 70 əsəri nümayiş olunur.

Sərginin kuratoru Elçin Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sərginin əsas məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın, Vətən uğrunda canından keçən şəhidlərimizin bizə bəxş etdiyi bu böyük Zəfərin beş illik yubileyinə rəssamlarımızın töhfəsini verməkdən ibarətdir. Rəssamlar Qarabağ Zəfəri barədə duyğularını, düşüncələrini kətan üzərinə köçürərək sərginin təşkilatçılarına təqdim ediblər.

 

Keçidlər