Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili fermerlər indiyədək 2220 ton quru tütün istehsal ediblər

19 sentyabr 2022 | 10:23

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2220 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb. Hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.

Keçidlər