Şəkili fermerlər indiyədək 2243 ton quru tütün istehsal ediblər
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək sahələrdən 22 min tonadək yaş tütün dəriblər. Rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2243 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb. Hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Cunud kəndindən Röyal Nadirov indiyədək emal məntəqəsinə rayon üzrə hamıdan çox - 330 ton, Baş Göynük kəndindən Mehman Mustafayev isə 280 ton yaş tütün təhvil veriblər.
Hazırda rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.