Şəkili fermerlər indiyədək 2801 ton quru tütün istehsal ediblər
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək sahələrdən 28 min tonadək yaş tütün dəriblər. Rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2801 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 2300 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Qudula kəndindən fermer Qəzənfər Həsrətovun təsərrüfatında indiyədək rayon üzrə hamıdan çox - 44 ton quru tütün istehsal edilib.
Hazırda rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.