Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənc doğum günündə ilk dəfə seçkidə iştirak edib

01 sentyabr 2024 | 15:44

Həyatında ilk dəfə səsvermədə iştirak edən Şəki rayonunun Qoxmuq kənd sakini Camalova Çinarə Nurməmməd qızı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günündə ikiqat sevinc hissi yaşayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 1-də 18 yaşı tamam olan Çinarə Camalova səs vermək üçün 114 saylı Şəki şəhər seçki dairəsinin Qoxmuq kənd tam orta məktəbində yerləşən 32 saylı seçki məntəqəsinə gələrkən, xoş sürprizlə qarşılaşıb.

Dairə seçki komissiyasının nümayəndəsi Məmmədnuru Əzizov və 32 saylı məntəqə seçki komissiyasının sədri Bayram Şıxaliyev gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim ediblər.

Doğum gününün Milli Məclisə növbədənkənar seçkilər gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Çinarə Camalova təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Xoşbəxtəm ki, ad günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq”.

Çinarənin səs verdiyi məntəqədə 1407 seçici qeydə alınıb. Onlardan 18 nəfəri ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 114 saylı Şəki şəhər seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 587 nəfərdir.

Keçidlər