Şəkili məzunlardan 781 nəfəri tələbə adını qazanıb
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Şəki rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 nəfər şəkili məzundan 781 nəfəri birinci turun nəticələrinə əsasən tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500-700 arası, o cümlədən 51 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki şəhəri üzrə Təhsil sektorunun baş məsləhətçisi Elxan Abdullayev məlumat verib.
Qurum rəsmisinin məlumatına görə, qəbul imtahanlarında Şəki rayonu üzrə ən yüksək nəticəyə rayonun Baş Şabalıd kənd tam orta məktəbinin məzunu Ümman Məmmədov nail olub – 685 bal. O, Bakı Ali Neft Məktəbinə daxil olub.
Baş məsləhətçi bildirib ki, tədris ilinin yekunlarına görə, tam orta təhsil səviyyəsi üzrə məzunlardan 3 nəfəri qızıl nişanla təltif olunub, 60 nəfər isə fərqlənmə attestatı alıb. Qızıl nişana layiq görülən şəhər 11 nömrəli tam orta məktəbin məzunu İlkin Süleymanov qəbul imtahanlarında da yüksək nəticə göstərərək 670 bal toplayıb və Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Digər qızıl nişançılardan Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Sibel Əsgərova 645 balla Bakı Dövlət Universitetinə, şəhər 21 nömrəli tam orta məktəbin məzunu Orxan Məmmədov isə 572 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olublar.