Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili şəbəkə ustası: Prezidentimizin və Mehriban xanımın sənətkarlara verdikləri dəyər bizi sevindirir

05 dekabr 2022 | 18:21

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki bu gün, həm də regionun ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. İlin bütün fəsillərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzeylər və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisində bir neçə tarixi binada təmir-bərpa işləri həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkiyə səfərləri çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə də tanış olub, şəkili sənətkarlarla səmimi söhbət ediblər.

Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidə, həmçinin məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. Bu abidələrdən 58-i Nazirlər Kabinetinin qərarı ilə ötən il dövlət mühafizəsinə götürülüb.

Direktor qeyd edib ki, qoruğun ərazisində, Qala divarları daxilindəki iki abidədə təmir-bərpa işləri artıq başa çatıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib. Hazırda bu abidələrdə qoruğun inzibati binası və Şəki Dövlət Rəsm Qalereyası yerləşir. Rəsm Qalereyası turistlərə xidmət göstərmək üçün tam hazır vəziyyətdədir. Qalereyanın ekspozisiya zallarında 70-dək rəssamlıq və heykəltaraşlıq əsəri nümayiş etdirilir. Ümumiyyətlə, Qalereyanın fondunda 258 rəssamlıq və heykəltaraşlıq əsəri var.

Qoruğun ərazisindəki XIX əsrin əvvəllərində inşa edilmiş Dairəvi məbəddə, şəbəkə emalatxanasında, XIX əsrdə tikilmiş əsgər kazarmasında, həmçinin Tarix-Diyarşünaslıq Muzeyində hazırda bərpa işləri davam etdirilir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olarkən şəkili sənətkarlarla da görüşüblər. Onlardan biri də şəbəkə ustası Tofiq Rəsulovdur. Tofiq usta Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. O, 45 ilə yaxındır ki, bu sənətlə məşğul olur. Tofiq ustanın hazırladığı şəbəkə nümunələri dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Usta Şəki Xan Sarayının, Şəkixanovların evinin, Gəncədə “Şah Abbas”, Bərdədə “İmamzadə” məscidlərinin bərpasında yaxından iştirak edib. Hazırda onun oğulları da şəbəkə sənətini davam etdirirlər.

Görüşlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən şəkili sənətkar deyib: “Prezidentimizin və Mehriban xanımın sənətkarlara verdikləri dəyər bizi sevindirir. Görüşdə şəbəkənin yığılması, istifadə olunan Venesiya şüşələri ilə indiki şüşələrin fərqi barədə məlumat verdik. Fəaliyyətimizi yüksək qiymətləndirdi. Həmçinin şəbəkə emalatxanasının bərpası barədə də söhbət etdik. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Burada sənətkarlar üçün ustad dərslər keçəcəyik, turistlərə şəbəkənin hazırlanması prosesini əyani şəkildə nümayiş etdirəcəyik. Həmçinin yeni şəbəkə ustalarının yetişdirilməsi üçün burada mərkəz də fəaliyyət göstərəcək. Hazırda bizim “Usta Əşrəf məktəbi”ndə 6 şagirdə bu sənətin sirlərini öyrədirik. Prezidentin tövsiyəsinə əsasən, mərkəz istifadəyə verildikdən sonra şəbəkə sənətini inkişaf etdirmək üçün şagirdlərimizin sayını daha da artıracağıq”.

Keçidlər