Şəkinin Baş Zəyzid kəndində şəhidlərin əziz xatirəsinə yenidən qurulmuş abidə kompleksinin açılışı olmuşdur
Noyabrın 10-da Şəkinin Baş Zəyzid kəndində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş abidə kompleksinin açılışı olmuşdur.
Tədbirdə Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, rayonun rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın tarixinə ən şanlı səhifələrdən biri kimi daxil olmuşdur. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.
Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Çıxışlarda bildirilib ki, Şəkidə şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlərin Xatirə Kompleksi” yaradılıb, rayonun yaşayış məntəqələrində abidə kompleksləri, bulaqlar və xatirə guşələri qurulub, məzarlıqlarda müntəzəm abadlıq işləri aparılır.
Sonra tədbir iştirakçıları I Qarabağ Müharibəsində şəhid olmuş kənd sakinlərinin abidə kompleksində yerləşən məzarları önünə gül dəstələri qoyublar, onların xatirəsini ehtiramla yad ediblər.