Şəkinin küçə və prospektlərində əsaslı təmir işləri aparılır
Şəki şəhərinin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyat, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçəsində əsaslı təmir işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda şəhərin Aydın Məmmədov küçəsində yolun asfalt örtüyü və səkilər yenilənib, küçənin xətlənməsi işləri aparılacaq.
Heydər Əliyev prospektində asfaltlanma işləri aparılıb, yaxın günlərdə yekun üz qatı salınacaqdır. Rasim Ocaqov küçəsində də asfalt örtüyünün təmiri işləri aparılır, səkilərin bərpası başa çatmaq üzrədir, bu küçədə də asfalt örtüyünün yekun üz qatının salınması nəzərdə tutulur.
Eyni zamanda, Sabit Rəhman küçəsində də yolun qalan hissəsinin təmiri işləri aparılır. Şəhərin M.F.Axundzadə prospektinin aşağı hissəsində köhnə asfalt qatının götürülməsi işlərinə başlanılıb, səkilərin bir hissəsi bərpa edilib. M.Ə.Rəsulzadə prospektində Olimpiya dairəsindən yuxarıya doğru yolun təmiri işlərinə başlanılıb.
Qeyd olunan küçə və prospektlərdə asfaltlanma, səkilərin bərpası işləri ilə yanaşı suötürücü kanalların dərinləşdirilməsi və yenilənməsi işləri aparılır. Aparılan işlərin bir hissəsinin cari ilin sonunadək, qalan işlərin isə gələn il yekunlaşması nəzərdə tutulur.