Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin meyvə və üzüm bağlarında payız-qış mübarizə tədbirlərinə başlanılıb

15 dekabr 2022 | 09:13

Şəki rayonunun ərazisində 6972 hektar meyvə və 307 hektar üzüm bağı var. Bu bağların əksəriyyəti vətəndaşlara məxsus fərdi həyətyanı sahələrdədir. Eyni zamanda, rayonda “Green Factory”, “Aqroinkişaf-2017”, “Monte Ferro” məhdud məsuliyyətli cəmiyyətlərə və fiziki şəxslərə məxsus müasir tipli intensiv meyvə bağları da mövcuddur. Meyvə və üzüm bağlarında nisbi sükunət dövrünün başlanması ilə əlaqədar noyabrın sonlarından bağlarda payız-qış mübarizə tədbirləri həyata keçirilir. Bu zaman əsasən aqrotexniki, mexaniki və kimyəvi mübarizə tədbirlərindən istifadə olunur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, aqrotexniki tədbirlərə infeksiya mənbəyi olan tökülmüş meyvələrin, yarpaqların, həmçinin alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgəaralarının dərin şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və sair aiddir. Onun sözlərinə görə, budama zamanı ağacların quru, xəstəliklərlə sirayətlənmiş budaqları və gövdə hissələri sağlam toxumayadək kəsilməli və kəsilmiş hissələr bağdan kənarda yandırılmalıdır. Zədələnmiş hissələri 3 faizli göy daş (mis kuporosu) məhlulu ilə dezinfeksiya edib üzərinə bağ məlhəmlərindən sürtmək lazımdır. Ağacların yarpaqlarının töküldüyü dövrdə xəstəliklərə qarşı profilaktik tədbir olaraq 3 faizli bordo mayesi və ya digər mis tərkibli preparatlarla çiləmə aparılması tövsiyə olunur.

Tələt Mehdiyev bildirib ki, mərkəzin mütəxəssislərinin tövsiyəsi və bilavasitə iştirakı ilə bu günədək 120 hektarı aqrotexniki, 27 hektarı isə kimyəvi olmaqla 147 hektar meyvə bağında qış mübarizə tədbirləri aparılıb. Qış mübarizə tədbirlərində monikobordo, bordo mix, suncupro, sanfirex, metatolli-oil 2,5 l/ha, comprodor-oil 2,5 l/ha preparatlarından istifadə olunub. Hazırda hava şəraitindən asılı olaraq meyvə və üzüm bağlarında payız-qış mübarizə tədbirləri davam etdirilir.

Keçidlər