Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin seçki məntəqələri səsverməyə hazırdır

02 fevral 2024 | 09:48

Şəkidə fəaliyyət göstərən 114 və 115 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə hazır vəziyyətə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri seçki məntəqələrinin hazırlıq vəziyyəti ilə tanış olmaq üçün 115 saylı Şəki kənd seçki dairəsinin bir neçə seçki məntəqəsinə baş çəkib, məntəqə seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.

Dairə seçki komissiyasından bildirilib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 61 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilən treninqlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının Danimarka və Moldovadan olan uzunmüddətli müşahidəçiləri də iştirak ediblər.

Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 54 min 632 nəfərdir. Onlardan 3701 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 936 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə ən yaşlı seçici isə Kiçik Dəhnə kəndində yerləşən 35 saylı seçki məntəqəsində səs verəcək 98 yaşlı Rüstəmov Əli Məmməd oğludur. İndiyədək 806 müşahidəçi dairədə qeydiyyatdan keçib, 354 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.

Dairənin tərkibində olan 52 saylı seçki məntəqəsi şəhər 12 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanılması prosesi artıq başa çatıb.

Məntəqə seçki komissiyasının sədri Günel Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqə üzrə 1496 seçici qeydə alınıb. Onlardan 62 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1938-ci il təvəllüdlü Əliəkbər Zəkəriyyəyevdir. 86 yaşlı seçici səsvermədə şəxsən iştirak edəcəyini bildirib. Məntəqə üzrə səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Onların evlərinə daşınan seçki qutusunun göndərilməsi nəzərdə tutulur.

Keçidlər