Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqlarda xoş təəssürat yaradıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın növbəti səfər ünvanı İsmayıllı və Qəbələnin ardınca Şəki şəhəri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı uşaqlar avqustun 10-da qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Uşaqların qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı ilə tanışlıq uşaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Məlumat verilib ki, saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Ukraynalı uşaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.
Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqların böyük marağına səbəb olub.
Şəkiyə səfərləri çərçivəsində ukraynalı uşaqlar bu diyarın məşhur şirniyyatlarından olan Şəki halvasının hazırlanması prosesi ilə də tanış olublar.
Ukraynalı uşaqların Şəkidən sonra Şamaxıya ekskursiyalarının təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.