Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanışlıq VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qoruqda görülən işlər barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.
Bildirildi ki, qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.
Sonra qoruğun iaşə binasındakı bərpa işləri barədə məlumat verildi. Qeyd edildi ki, XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüf ki, sovet dövründə bu binada xəstəxana fəaliyyət göstərib və nəticədə onun memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.
Daha sonra qoruğun yeni inzibati binası ilə tanışlıq oldu. Bildirildi ki, qoruğun yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb. İnzibati binanın ümumi sahəsi 324 kvadratmetrdir.
Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı şəbəkə emalatxanasında görüləcək bərpa işləri barədə məlumat verildi.
Bildirildi ki, şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və sahəsi 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəbəkə ustası ilə söhbət etdilər.