Şəkiyə gələn əcnəbilər arasında Rusiya, Pakistan və Hindistandan olan turistlər daha çoxdur
Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Dünya əhəmiyyətli tarixi memarlıq abidələri, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, yerli sənətkarların əl işlərinin satıldığı emalatxana-dükanlar, “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər il olduğu kimi, bu il də Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram tətili günlərində qoruğun ərazisinə gələnlərin, eləcə də Xan Sarayını ziyarət edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Əcnəbi turistlər arasında isə Rusiya, Hindistan və Pakistandan gələnlər daha çoxdur. Ümumiyyətlə, bayram tətili günlərində qoruğun ərazisini gün ərzində 2-3 minədək turist ziyarət edir. Turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olur.
Qoruğun direktorunun sözlərinə görə, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan Şəki pitisinə, paxlavaya, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.
Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.
Hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisindəki şəbəkə emalatxanasında, Tarix-Diyarşünaslıq Muzeyinin binasında, Dairəvi məbəddə, həmçinin Qala divarlarında təmir-bərpa işləri davam etdirilir.
Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.
Anastasiya Blokina rəfiqəsi Anna Arifuleva ilə birlikdə Azərbaycana Rusiyanın paytaxtı Moskva şəhərindən gəlib. A.Blokina həkim, rəfiqəsi isə yazıçıdır. Rusiyalı qonaqlar Şəkidən əvvəl Bakıda olub, paytaxtın görməli yerlərini gəziblər. Rəfiqələr Yeni ili Bakı şəhərində qarşılayıblar. Azərbaycana ilk dəfə səfər etdiklərini vurğulayan Anastasiya AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Qafqazın bir çox yerlərində olmağımıza baxmayaraq, Azərbaycan özünəməxsus koloriti, qonaqpərvərliyi, insanların mehribanlığı, səmimiliyi ilə bizi özünə cəlb etdi. Şəkinin arxitekturası, qədim binaları, təbiəti möhtəşəmdir. Xan Sarayının şəbəkə pəncərələri, Yuxarı Karvansarayın arxitekturası çox xoşumuza gəldi. Sənətkarların əl işlərinə heyran qalmamaq olmur. Şəkinin milli mətbəxinə isə söz ola bilməz. Burada iki-üç gün qaldıqdan sonra yenə Bakıya qayıdacağıq”.
İstefada olan polis zabiti Əlövsət Məmmədov isə Şəkiyə ailəsi ilə birlikdə Gəncədən gəlib. Azərbaycanın bölgələrinə səfər etməyi çox xoşladığını bildirən Gəncə sakini AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Hər il bayram günlərində ailəmlə birlikdə respublikamızın müxtəlif bölgələrinə səyahətə çıxıram. Hər dəfə Şəkiyə gələndə mütləq Xan Sarayını ziyarət edirəm. Bu saray ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir”.
Şeyb Cabbar dostları ilə birlikdə Pakistandan gəlib. Şeyb hazırda Parisdə yaşayır, mühəndisdir. Dostlar Azərbaycana ilk dəfədir səfər ediblər. Təəssüratını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən pakistanlı turist deyib: “Bir neçə gündür Azərbaycandayıq. Çox gözəl ölkəniz var. Bakının görməli yerlərini gəzmişik, “Yanardağ”da olmuşuq. İnsanlarınız çox qonaqpərvərdir. Mətbəxiniz də çox xoşumuza gəldi. Müasir səviyyəli avtomobil yollarınız var. Şəkidən əvvəl Qəbələdə də olduq, oranın da çox gözəl təbiəti var. Şəhərlərinizin təmizliyi də çox xoşumuza gəldi, hara baxırsan səliqə-sahman hiss olunur. Xan Sarayı, həyətindəki 500 yaşlı xan çinarı, Yuxarı Karvansarayla tanış olmuşuq. Bələdçimiz bizə Şəkinin qədim tarixi, xanlıqlar barədə ətraflı məlumat verib. Sənətkarlıq emalatxanalarına da baş çəkdik. Yerli ustaların əl işlərini çox bəyəndik. Bir şeyə təəssüflənirik ki, qış mövsümü olmasına baxmayaraq, hələ də qar yağmayıb. Bu gözəl diyara gələcəkdə yenə də gəlməyi düşünürük”.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də bayram günlərində xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər.