Şriftin ölçüsü :

Saytın rəngi :

“Sənətkar yerində saymamalı, daim yeniliyə can atmalıdır” - təkəlduz ustası

08 dekabr 2022 | 12:40

Təkəlduz sənəti Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biridir. Sənətkarlar diyarı kimi tanınan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla xanım sənətkar məşğul olur. Onlardan biri də tanınmış təkəlduz ustası Vəfa Mustafayevadır. Daim yeniliyə can atan sənətkar son vaxtlar keçəçilik sənəti ilə təkəlduz tikmələrini birləşdirərək maraqlı tikmə nümunələri yaratmağa müvəffəq olub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkiyə səfərləri zamanı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olarkən şəkili sənətkarlarla, o cümlədən təkəlduz ustası Vəfa Mustafayeva ilə də görüşüb, yaradıcılığında olan yeniliklərlə maraqlanıblar. Görüş zamanı təkəlduz ustası dövlətimizin başçısı və birinci xanıma qədim keçə sənəti ilə təkəlduz sənətini birləşdirərək hazırladığı əl işlərini təqdim edib.

“Sənətkar üçün bundan gözəl nə ola bilər ki..?”

Görüşlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Vəfa Mustafayeva deyib: “Prezidentimizin, Mehriban xanımın və qızları Leylanın Şəkiyə səfərləri, sənətkarlarla görüşləri, səmimi söhbət etmələri bizə böyük mənəvi dəstəkdir. Bu görüş mən və bacım Aysel üçün sənətdə olduğumuz 20 illik dövrün ən xoş və yaddaqalan bir günü oldu. Prezidentimizə və birinci xanıma unudulmaqda olan keçəçiliklə təkəlduz sənətini sintez edərək, yaratdığımız tikmə nümunələri haqqında məlumat verdim, Qələbə rəmzimiz olan Şuşa ilə bağlı işimizi təqdim etdim. Çox bəyəndilər. Sənətkar üçün bundan gözəl nə ola bilər ki..?”.

“Bu sənətlə çox vaxt kişilər məşğul olur”

Keçə və təkəlduzu sintez etməklə sənətə gətirdiyi yenilik barədə danışan Vəfa Mustafayeva keçəçiliyin çox qədim tarixi olduğunu, “Kitabi-Dədə Qorqud” dastanında da keçə ilə bağlı məlumatların yer aldığını söyləyib.

“Keçəçilik əsasən maldarlığın, qoyunçuluğun inkişaf etdiyi dağlıq bölgələrdə yayılıb. Keçənin hazırlanması çətin prosesdir, ona görə də bu sənətlə çox vaxt kişilər məşğul olur. Belə ki, yun yuyulur, təmizlənir, daranır, didilir. Sonra isti su və sabunla yoğrularaq istifadəyə hazır vəziyyətə gətirilir. Hamısı da ağır işdir. Sevinirəm ki, çətin də olsa, bacımla bu işi bacardıq. Sənətə gətirdiyimiz yeniliyə Vətən müharibəsi dövründə başladığımız üçün keçə hazırlayarkən Qarabağ yunundan da istifadə edirik. Ümumiyyətlə yeni işlər hazırlayarkən doğma Qarabağımızın tarixi məkanları, qədim Şuşa, Qobustan qayalıqları, vətənpərvərlik mövzularına üstünlük veririk”, - deyə o bildirib.

Təkəlduz ustasının sözlərinə görə, keçənin üzərinə mövzu işləmək bir az çətindir. Gərək keçənin üzərinə elə bir mövzu işləyəsən ki, keçə təkəlduz ilmələrinin, naxışların fonunda itib batmasın.

Diqqət çəkən qeyri-adi kuklalar

Vəfa Mustafayevanın “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanası sanki təkəlduz muzeyini xatırladır. Bura, eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır. Qoruğu ziyarət edən turistlər bir qayda olaraq “Sənətkarlar evi”ndəki emalatxanalara da baş çəkir, Vəfanın və digər sənətkarların əl işləri ilə maraqlanırlar.

Təkəlduz ustasının emalatxanasında diqqətimizi qeyri-adiliyi ilə seçilən kuklalar da cəlb edir. Xanım sənətkar bir neçə il əvvəl kukla sənəti ilə dekorativ tikməni birləşdirərək çox maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Vəfa Mustafayeva əsərlərinin qəhrəmanlarını Azərbaycan xalq nağıllarından, xanlıqlar dövrünün personajlarından götürür. Mövzuları seçərkən milliliyə üstünlük verir. Yaratdığı kuklalar içərisində “Xan və rəiyyət” kompozisiyası böyük maraq doğurur. Kompozisiyanın ön planında kefi kök xan öz vəzirləri ilə əyləşib, arxa planda isə rəiyyət əks olunub. Xalqın nümayəndələri arasında isə eşşək üstündə olan Hacı dayı, xanımı ilə rəqs edən Məşədi İbad, nehrə çalxalayan qoca nənə diqqət çəkir. Kompozisiyanı maraqlı edən odur ki, qəhrəmanların bəziləri bütöv kukla formasında hazırlansa da, digərlərinin işlənmə texnikası qeyri-adidir. Yəni, çərçivəyə salınan əsərdə personajın başı kukla formasında, bədəni isə dekorativ tikmə üslubundadır.

Müsahibənin sonunda həmsöhbətimiz, təkəlduz ustası Vəfa Mustafayeva deyib: “Sənətkar yerində saymamalı, daim yeniliyə can atmalı, inkişaf etməlidir. Çünki sənətimizi sevənlər, pərəstişkarlarımız bizdən yeni-yeni sənət nümunələri gözləyirlər. Çalışıram ki, xalq sənətinin geniş yayılmış növlərindən olan təkəlduz sənətində öz dəst-xəttim olsun, bu sənəti daha da inkişaf etdirim”.

Keçidlər