Səyyar Gənclər Xidməti Şəkidə
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Şəki gənclərinin iştirakı ilə uğurla davam etdirilir. Şəki şəhərində oktyabrın 13-də start verilən və beş gün davam edəcək layihə yüzlərlə gəncin bilik, bacarıq və liderlik potensialının inkişafına mühüm töhfə verməklə yanaşı, onların milli dəyərlərə bağlılığını da gücləndirməyi nəzərdə tutur.
Layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Sadiq Yusifov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək bildiriblər ki, bu layihə gənclərin inkişafına, onların dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə, həmçinin region gənclərinin məşğulluq, innovasiya və digər sahələrdəki imkanlardan daha geniş yararlanmasına xidmət edir.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil ediləcəkdir. Müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları keçiriləcəkdir.
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha geniş şəkildə təqdim etməkdir.







