“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vuruldu
İyunun 25-də Şəki şəhərində keçirilən “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra festivalın yekunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda yarışın ən yaddaqalan anları, şahmatçıların gərgin mübarizəsi, iştirakçıların emosiyaları və festival boyunca yaşanan maraqlı məqamlar əks olunub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, yarışın təşkilatçısı Təbriz İdrisov, VMF şirkətinin təsisçisi Vahid Mustafayev, Şəki regional "ASAN xidmət" mərkəzinin direktor müavini Samir Qarayev iştirak edib.
Çıxışlarda festivalın yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, yarışın Azərbaycan şahmatının inkişafına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə verdiyi töhfədən bəhs edilib.
Daha sonra festivalın keçirilməsinə dəstək göstərən fəxri qonaqlara və tərəfdaşlara xatirə sertifikatları təqdim olunub.
Ardınca yarışın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. A qrupunda qrossmeyster Vüqar Rəsulov birinci yerə layiq görülüb. Murad İbrahimli ikinci, İslam Hacılıyev isə üçüncü yeri tutub.
Festival çərçivəsində keçirilən B və C qrupları üzrə yarışların, eləcə də rapid və blitz turnirlərinin qalibləri və mükafatçıları müxtəlif yaş və reytinq kateqoriyaları üzrə diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycanla yanaşı müxtəlif ölkələrdən olan şahmatçıların iştirak etdiyi “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalında 400-dən çox şahmatçı mübarizə aparıb.
Yüksək təşkilatçılıq səviyyəsi, gərgin idman rəqabəti və beynəlxalq iştirakçı tərkibi ilə seçilən festival ölkəmizdə şahmatın inkişafına töhfə verən mühüm idman tədbirlərindən biri kimi yadda qalıb.







