Son illər Şəkidə heyvan sahiblərinə 1,5 milyon manatdan çox subsidiya ödənilib
Cari ilin yanvar-noyabr aylarında Şəki rayonunda 7046 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 228 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 3065 baş buzov və balaq doğulub. On bir ayda Şəki rayonu üzrə 2332 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2565 baş cinsi yaxşılaşdırılmış buzova görə 256,5 min manat subsidiya hesablanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 432 baş damazlıq düyə alınıb. Eyni zamanda, son illər şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
N.Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, ötən müddətdə Şəki rayonu üzrə 12 min 821 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 15 min 130 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 513 min manat subsidiya ödənilib.