Ukraynalı qonaq: Azərbaycanda olmağımızdan çox məmnunuq
Bir həftədir ki, Azərbaycandayıq. Bakı şəhərinin koloriti, özünəməxsusluğu çox xoşumuza gəldi. Paytaxt sakinləri çox istiqanlı və mehribandırlar. Gözəl ölkənizdə olmağımıza imkan, şərait yaratdıqlarına görə təşkilatçılara, əlaqədar qurumların rəhbərlərinə minnətdarlığımızı bildiririk.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqlardan ibarət qrupun rəhbəri Lyudmila Korniaka söyləyib.
Azərbaycanda sakitliyin, əmin-amanlığın olduğunu vurğulayan ukraynalı qonaq deyib: “Uşaqlarımız Ukraynada qarşılaşdıqları qorxulu, həyəcanlı hadisələrdən azacıq da olsa kənarlaşıblar. Onlar çox razıdırlar və yaxşıca istirahət edirlər. Uşaqlar Azərbaycanın tarixi, milli adət-ənənələri, mətbəxi, təbiəti ilə tanış olurlar. Onlar hər şeylə maraqlanır, baxmaq, öyrənmək istəyirlər. Bakıdan sonra İsmayıllıda, Qəbələdə olduq, çox gözəl təbiət mənzərələrini seyr etdik, milli yeməklərə qonaq olduq. Bu gün isə gözəl Şəki diyarının qonağıyıq”.
Azərbaycanda ilk dəfə olduqlarını qeyd edən Lyudmila Korniaka deyib: “Çox maraqlı ölkəniz var. İstəyirik ki, baxaq, hər şey barədə öyrənək. Yaxşı haldır ki, uşaqlarımız artıq azərbaycanlı uşaqlarla ünsiyyət qurur, dostlaşırlar. Hətta Azərbaycan dilində bəzi sözləri də öyrəniblər. Eyni zamanda, onlar azərbaycanlı dostlarına Ukrayna dilində də sözlər öyrədirlər. Burada olmağımızdan çox məmnunuq”.