Ulu Öndərin əziz xatirəsi Şəkidə ehtiramla anılıb.
Xalqımızın böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.
Ulu Öndərin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin yorulmaz fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.
Dekabrın 12-də şəhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri, gənclər Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, mərkəzdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən anım günü ilə əlaqədar şəhid və aztəminatlı ailələr, qazilər üçün ehsan süfrəsi açılıb.