UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan üzv olan şəhərlərlə şəbəkə arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib
Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi (UCCN) ilə Azərbaycandan şəbəkəyə üzv şəhərlər arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə UCCN-nin katibi Denise Bax, proqramlar üzrə layihə meneceri Qiaobo Ni, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Yaradıcı Mərkəzin direktoru Rəşad Cəfərov, şəbəkəyə üzv şəhərlərin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” (2017), Bakı şəhəri “dizayn” (2019), Lənkəran şəhəri isə “qastronomiya” (2021) istiqamətləri üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.
Çıxışlarda yaradıcı sənayelərin inkişafı, rəqəmsal həllərin tətbiqi, yaradıcı ekosistemlərin formalaşdırılması və gənclərin bu sahəyə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın şəbəkəyə üzv şəhərləri üçün hazırlanmış 4 illik əməkdaşlıq planı, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları barədə məlumat verilib.
Görüşdə Azərbaycanın daha çox şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulması perspektivləri də müzakirə olunub. Hazırda şəbəkənin 400-dən çox üzvü var.







