Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəkidə geniş şəkildə qeyd olunub.

02 iyun 2025 | 09:23

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə silsilə tədbirlər keçirilib. Rayonun təhsil, mədəniyyət müəssisələrində uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar, müsabiqələr təşkil olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər çərçivəsində iyun ayının 1-də Şəkidə Azərbaycan Voleybol Federasiyası, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən idman  festivalı keçirilib.

Şəki şəhərinin Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə çıxış edənlər bayram münasibətilə uşaqları təbrik etmiş, onlara xoş arzularını bildirmişlər. Qeyd edilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Vurğulanıb ki, Prezident cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük diqqət göstərir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Tədbirdə voleybol idman növü üzrə 6-12 yaşlı uşaqların çıxışları və ustad dərslər, həmçinin musiqili proqram təşkil olunub.

Sonda festivalın iştirakçısı olan uşaqlara Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.

Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.

 

Keçidlər