Şriftin ölçüsü :

Saytın rəngi :

V Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb

06 oktyabr 2026 | 17:56

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən V Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Oktyabrın 1-də start götürən və beş gün davam edən festival iştirakçılara xoş anlar yaşatmaqla böyük teatr bayramına çevrilib.

Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri iştirak ediblər.

Festivalın sonuncu günü, oktyabrın 5-də Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Məsxərəbazların iştirakı ilə meydan tamaşası üslubunda hazırlanan səhnə əsərində xalqın adət-ənənələri şıltaqlıq, yumor və coşqu ilə nümayiş etdirilir. Tamaşa sözsüz, pantomima üslubunda nümayiş olunur.

Tamaşanın quruluşçu rejissoru Malika İskandarova, rəssamı Yevgeniya Biserovadır.

Tamaşada rolları Bahodir Əhmədov, Naufal Süleymanov, Əsgər Hikmətov, Fayzulla Əsgərov və Bəxtiyar Turgunov oynayıblar.

Şən və dinamik səhnə əsəri olan “Məsxərəboz-Şou” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bağlanış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının  müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Böyükxanım Talıbova festivalın yüksək səviyyədə keçirilməsində dəstəyi və əməyi olan bütün qurumlara, eyni zamanda festivalda çıxış etmiş teatr kollektivlərinə teatrsevərlər adından təşəkkür ediblər.

Sonda Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrına Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri, Akademik Milli Dram Teatrın adından teatr kollektivlərinə təltiflər, həmçinin festival çərçivəsində keçirilən tədbirləri operativ işıqlandırdıqlarına görə bir qrup media nümayəndəsinə təşəkkürnamələr təqdim edilib.

 

Keçidlər