V Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub
Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında V Şəki Beynəlxalq Teatr Festivalına start verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər. Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Pantomim Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur.
Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.
Mərasimdən əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Teatr binasının girişində Qazaxıstan, Özbəkistan və İrandan gələn teatr kollektivlərinin təntənəli qarşılanma mərasimi təşkil olunub.
Sonra festival iştirakçıları teatr binasının foyesində Şəki teatrının keçdiyi şərəfli inkişaf yolundan bəhs edən “Şəki – Qədim Teatr Məkanı” adlı sərgi ilə tanış olublar. Festivalla bağlı mətbuat konfransı keçirilib.
Açılış mərasiminin əvvəlində Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəki Beynəlxalq Teatr Festivalının tarixini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən biri olan qədim Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün gözəl məkandır.
Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində festivalın keçirildiyi Şəki Dövlət Dram Teatrının binası 2013-cü ildə genişmiqyaslı əsaslı təmir və yenidənqurma işlərindən sonra qapılarını yenidən teatrsevərlərin üzünə açıb.
Diqqətə çatdırıb ki, festivalın əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrini genişləndirmək, təcrübə mübadiləsini gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaqdır.
İcra başçısı beş gün ərzində V Şəki Beynəlxalq Teatr Festivalında təqdim olunacaq tamaşaların teatrsevərlərin böyük rəğbətini qazanacağına əmin olduğunu qeyd edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova festivalın ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı, Şöhrət ordenli Hacı İsmayılov Şəki teatrının kollektivinin qazandığı uğurlardan danışıb, festivalın yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.
Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara Türk dünyasının görkəmli dramaturqu Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir. Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, baletmeysteri Çingiz Novruzəliyev, bəstəkarı Xatirə Orucova, vokal üzrə müəllimi Fərqanə Salamovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Cavidan Eminov, Nazilə İmamhüseynova, Lalə Məmməd, Sənubər İsrafilova və Azad Məmmədov ifa ediblər.
Uğurla başa çatan tamaşanın sonunda Mədəniyyət Nazirliyinə, Teatr Xadimləri İttifaqına və Şəki Dövlət Dram Teatrına Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnamələri və xatirə hədiyyələri təqdim olunub.







